"Bizi ağır oyun gözlədiyini bilirdik. "Sumqayıt" təşkilatlanmış, öz dəst-xətti ilə seçilən komandadır. Matça yaxşı başlamasaq da, ikinci hissədə toparlandıq. Əzmkarlıq göstərərək layiqli qələbə qazandıq".
Fanat.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
41 yaşlı çalışdırıcı Premyer Liqanın XI tur matçından - evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra qatıldığı ənənəvi mətbuat konfransında oyun barədə belə danışıb:
"Millinin oyunları ilə əlaqədar fasilə yaranmışdı və yoxlama görüşü də keçirməmişdik. Heyət olaraq sıxıntımız var idi, zədəlilərimiz çox idi. Oyun planında çətinlik çəkəcəyimizi bilirdik. Amma komanda getdikcə öz oyununu qaytara bildi".
Baxşıyev əvəzetmədən meydana daxil olaraq qol vuran Ülvi İsgəndərlinin çıxına da toxunub: "Ülvi start heyətində oynayanda da effektini görürük. Sadəcə, belə alınır ki, ehtiyatdan meydana çıxanda qollar vurur. Potensialı yüksək hücumçudur. Daha yaxşı ola bilər".
Baş məşqçi hazırkı heyətin gücləndirilməli olduğunu vurğulayıb: "Bu komandanı formalaşdıranda da elə futbolçulara sahib olmuşuq ki, hamısının xarakteri yüksəkdir. Əlbəttə, heyət daha da güclənməli, genişlənməlidir. Hər şey büdcədən asılıdır. İmkan yaranarsa, yeni oyunçuların bizə qoşulmasını istəyərdim".