Sloveniyanın Çatej şəhərində təşkil olunan şahmat üzrə komandalararası Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son - IX turda Azərbaycanın qadınlardan ibarət yığması Niderlandla üz-üzə gəlib.
Komandamız qarşılaşmadan 2,5:1,5 hesabı ilə qalib ayrılıb. Günay Məmmədzadə birinci, Ülviyyə Fətəliyeva isə üçüncü lövhədə uyğun olaraq Jaogin Peng və Meçteld Van Foresti yenib. Gülnar Məmmədova ikinci lövhədə Elin Röybersə uduzub. Sonuncu lövhədəki şahmatçımız Gövhər Beydullayeva isə Tea Lançava ilə "sülh bağlayıb".
Beləliklə, xalını 12-yə çatdıran seçməmiz yarışın bürünc medalına sahib çıxıb. Bu, qadınlardan ibarət Azərbaycan şahmat millisinin analoji yarışda ardıcıl ikinci, ümumilikdə isə üçüncü mükafatı olub. Komandamız bunadək 1992 və 2019-cu illlərdə baş tutan AÇ-ləri də "bürünc"lə tamamlayıb.
Çempion 18 xal toplayan Rusiya olub. Gürcüstan 15 xalla ikinci yeri tutub.
Kişilərdən ibarət millimiz isə sonda Fransa ilə münasibətləri aydınlaşdırıb.
12 xalla yarış cədvəlinin 2-3-cü yerlərində qərarlaşan kollektivlərin qarşılaşmasında fransızlar 2,5:1,5 hesabı ilə üstün olub.
Şəhriyar Məmmədyarov ilk lövhədə Alireza Firuzcaya uduzub. Teymur Rəcəbov Maksim Vaşye-Laqravla, Rauf Məmmədov Maksim Laqardla, Nicat Abbasov Jil Mussarla heç-heçəyə razılaşıb.
Nəticədə millimiz yarışı medalsız - beşinci sırada başa vurub.
Ukrayna komandası 14 xalla çempionatın qalibi adını qazanıb. Eyni sayda xala malik Fransa gümüş, Polşa (13 xal) bürünc mükafata sahib çıxıb.
Avropa çempionatı, IX tur
Kişilər
Fransa - Azərbaycan 2,5:1,5
Alireza Firuzca - Şəhriyar Məmmədyarov 1:0
Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov 0,5:0,5
Maksim Laqard - Rauf Məmmədov 0,5:0,5
Jil Mussar - Nicat Abbasov 0,5:0,5
Məmmədyarov və Məmmədov qara, Rəcəbov və Abbasov ağ fiqurlarla oynayıb.
Qadınlar
Azərbaycan - Niderland 2,5:1,5
Günay Məmmədzadə - Penq Jaoqin 1:0
Gülnar Məmmədova - Elin Röybers 0:1
Ülviyyə Fətəliyeva - Meçteld Van Forest 1:0
Gövhər Beydullayeva - Tea Lançava 0,5:0,5
Məmmədzadə və Fətəliyeva ağ, Məmmədova və Beydullayeva qara fiqurlarla mübarizə aparıb.
Sahib Əsədbəyli