Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat üzrə dünya çempionluğu uğrunda mübarizə davam edir.
Fanat.Az xəbər verir ki, hazırkı çempion Maqnus Karlsen (Norveç) və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında altıncı görüş baş tutub.
Beş heç-heçənin ardından, nəhayət, dueldə qələbə qeydə alınıb. Karlsen ağ fiqurlarla oynadığı partiyanın 136-cı gedişində rəqibini təslim edib.
Bu, dünya şahmat tacı uğrunda baş tutan qarşılaşmalar arasında ən çoxgedişli partiya kimi tarixə düşüb.
İndiyəqədərki rekord 1978-ci ildə Anatoli Karpov və Viktor Korçnoy arasında keçirilən matçla bağlı olub. Həmin görüşdə tərəflər 124 gedişə kimi oynayıb.
Bildirək ki, şahmatçılar dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Qarşılaşmaların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.
Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.
Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. O, daha sonra 4 dəfə titulunu qoruyub.