Voleybol üzrə Avropa Liqasının püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmalarının 2022-ci ildə keçiriləcək turnirdə rəqibləri bəlli olub.
Qızıl Avropa Liqasında çıxış edəcək qadın seçməmiz Rumıniya, Ukrayna və Macarıstan yığmaları ilə C qrupunda qüvvəsini sınayacaq.
Reqlamentə görə, 3 qrupda 4 komanda ev-səfər sistemi ilə oynayacaq. 6 turun nəticəsinə əsasən qrup qalibləri “dördlər finalı”na yüksələcək. Qrup mərhələsinin görüşləri 25 may-12 iyun tarixlərində keçiriləcək. Həlledici mərhələ isə iyunun 18-19-da Ukraynada baş tutacaq. Ev sahibi birinci yerin sahibi kimi mərhələ adlayarsa, ən yaxşı ikinci pillənin sahibi onlara qoşulacaq.
Qızıl Avropa Liqasının finalçıları FİVB Çelenc Kubokunda iştirak hüququna yiyələnəcək.
Kişilərdən ibarət millimiz isə Gümüş Avropa Liqasında çıxış edəcək.
Yığmamız 7 ölkənin qatılacağı yarışda A qrupunda Macarıstan və Finlandiya millilərinə qarşı mübarizə aparacaq. Komandalar qrup oyunlarını 28 may-15 iyun tarixlərində ev səfər sistemi ilə oynayacaq. Final matçları isə 18-19 iyun tarixlərində Macarıstanda keçiriləcək. Qalib komanda 2023-cü ildə keçiriləcək Qızıl Avropa Liqasına vəsiqə əldə edəcək.
Sahib