Ötən gün Türk Dövlətləri Autizm Federasiyasının (TDAF) Bakı toplantısı baş tutub.
Fanat.Az xəbər verir ki, tədbirdə Federasiyanın idarə heyətinin üzv dövlətləri Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edib.
Tədbirin öncəsində iştirakçılar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra tədbirin moderatoru Azər Allahverənov tədbiri açıq elan edib və sözü Azərbaycan Autizm Assosiasiyası Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri və Türk Dövlətləri Autizm Federasiyasının Baş katibi Şəms Bağırovaya verib.
Ş.Bağırova Türk Dövlətləri Autizm Federasiyasının yaranma tarixi, məqsəd və vəzifələri barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Federasiyanın ötən ilin noyabr ayında təsis edildiyini vurğulayaraq, əsas məqsədin türk dövlətlərində fəaliyyət göstərən autizm təşkilatlarının təmsil olunduqları vahid əməkdaşlıq platformasından çıxış edərək autizm spektri pozuntusu olan şəxslərin idman və digər əlaqəli müstəvilərdə reabilitasiyasının yeni keyfiyyət səviyyəsinə yüksəltmək olduğunu qeyd edib.
Daha sonra Azərbaycan Autizm Assosiasiyasının (AAA) fəaliyyətinə dair videoçarx nümayiş olunub. Assosiasiyanın prezidenti Turxan Mahmudov tədbir iştirakçılarını və xarici qonaqları salamlayaraq AAA tərəfindən təşkil olunan layihələr, seminarlar və müxtəlif səpkili tədbirlərdən danışıb. Nitqinin sonunda T.Mahmudov Türk Dövlətrləi Autizm Federasiyasının autizmli ailələrə və uşaqlara dəstək ola biləcəyini bildirib.
Autizm sahəsinə göstərilən dövlət qayğısından söz açan millət vəkili Soltan Məmmədov Heydər Əliyev Fondunun bu istiqamətdəki misilsiz xidmətləri və Fondun bu sahədə atılan addımlara dəstək barədə qonaqlara məlumat verib.
Tədbir millət vəkilləri Sabir Rüstəmxanlının və Soltan Məmmədovun çıxışı ilə davam edib. Onlar tədbirin işində uğurlar arzulayıb. Təlimlərə dair videoçarxın nümayişindən sonra toplantı xarici qonaqların çıxış və məruzələri ilə davam edib. İlk öncə Autizm Yaşam İdman Klubunun sədri Erdal Ateşə söz verilib. Daha sonra isə Autizm Qazaxstan Milli Assosiasiyasının sədri Nuria Baltabayqızı, Özbəkistandan “Şukrana Talim” Autizm mərkəzinin direktoru Saodat Ramazanova, Qırğızıstandan “Əl-ələ” Autizmli uşaqların valideynlərinin İctimai Birliyinin direktoru Qaas Qaliyaya söz verilib. Qurum rəhbərləri ölkələrindəki autizmlə bağlı vəziyyətdən, rəhbərlik etdikləri təşkilatların fəaliyyətindən və gördükləri işlərdən təqdimatla çıxış ediblər.
Rəsmi hissənin sonunda Türk Dövlətləri Autizm Federasiyasının üzvləri arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Tədbirin ikinci hissəsində Türk Dövlətlərin Autizm Təşkilatlarının Bakı Toplantısında iştirak edən üzv qurumların gələcək əməkdaşlıq və birgə fəaliyyətinə dair müzakirələrin aparılıb, Federasiyanın strukturu müəyyənləşdirilib, vəzifə bölgüsünün aparılıb.
Onu da qeyd etmək istəyirik ki , Türk Dövlətləri Autizm Federasiyası 2020-ci ildə yaradılıb. Təsisçisi Elnur Məmmədlidir.