Hazırkı dünya çempionu Maqnus Karlsen şahmat tacı uğrunda görüşlərdən imtina etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, 31 yaşlı norveçli qrossmeyster bu barədə ölkəsinin mətbuatına açıqlama verib.
Beşqat dünya çempionu 2013-cü ildən sahib olduğu titulu qorumaq üçün motivasiyası qalmadığını söyləyib:
"Növbəti dəfə dünya çempionluğu uğrunda oynamağımı gözləyənlərin məyus olma ehtimalı var. Qarşıdakı İddiaçılar Turnirini Alireza Firuzcadan başqası qazanarsa, çətin ki, şahmat tacı uğrunda görüşlər keçirim. Yalnız ona qarşı matç məni motivasiya edə bilər".
Qeyd edək ki, Firuzca uzun müddət Karlsenə məxsus olan 2800 reytinq xalını keçən ən gənc şahmatçı rekordunu yeniləyib. İran əsilli Fransa şahmatçısı buna 18 yaş 5 aylığında nail olub.