"Komanda ilə vidalaşmıram. Hər zaman bu komandaya və Azərbaycan millisinə azarkeşlik edəcəyəm. Mənə həyatda hər şeyi Azərbaycan verib".
Fanat.Az xəbər verir ki, bunu "Sabah"dan ayrılacağı dəqiqləşən serbiyalı qapıçı Saşa Stamenkoviç "CBC Sport"a açıqlamasında deyib.
36 yaşlı qolkiper kareyrasını bitiməyə hazırlaşmadığını söyləyib: "Amma əvvəlcə həll etməli olduğum kifayət qədər problemim var. Bundan sonra karyera barədə düşünə bilərəm. Bu, şəxsi problemlərdir. Hər zaman nikbin insan olmuşam. Mənfi şeylər haqqında danışmaq istəmirəm. Ona görə də belə şeyləri ikinci plana atıram.
İnanıram ki, Azərbaycana növbəti dəfə qayıdanda burada futbolun səviyyəsi daha yüksək olacaq və "Sabah" hədəflərinə çatacaq. Mən də tribunada oturub onlara dəstək olacağam. Mən və ailəm sizə minnətdarıq. 8 ildə mənə çox gözəl münasibət göstərmisiniz. Futbolunuzun inkişafı üçün jurnalistlərin də rolu böyükdür. "Sabah" və "Neftçi" azarkeşlərinə təşəkkürümü bildirirəm".