İspaniyanın Sitjes bölgəsində təşkil olunan beynəlxalq şahmat festivalında dördüncü turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, üç oyundan maksimum xal toplayan Azərbaycan təmsilçiləri Eltac Səfərli, Aydın Süleymanlı və Məhəmməd Muradlı bu dəfə rəqibləri ilə heç-heçəyə razılaşıblar. Qrossmeysterlərimiz uyğun olaraq Pere Kazorla Qarriqa (İspaniya), İvan Çeparinov (Bolqarıstan) və Anton Korobovla (Ukrayna) xalı bölüb.
Digər şahmatçımız Ülviyyə Fətəliyeva isə niderlandlı Liam Vroliyklə dueldən "sülh"lə ayrılıb.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir. 10 turdan ibarət festival dekabrın 23-dək davam edəcək.
Qeyd edək ki, Eltac, Məhəmməd və Aydın 30 noyabr - 8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.