Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutacaq.
Fanat.Az xəbər verir ki, IV turda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gələcək. Vüqar Əsədli isə macarıstanlı Rixard Rapport ilə qarşılaşacaq.
V turda Məmmədyarov hindistanlı Vişvanatan Anandla, Əsədli çexiyalı David Navara ilə, Məmmədov isə Rixard Rapportla münasibətlərinə aydınlıq gətirəcək.
Bildirək ki, hər tur iki matçdan ibarətdir. Reqlamentə əsasən, qalib müəyyənləşməsə, tərəflər arasında "armageddon" oynanılır. Əsas partiyalarda qazanılan qələbəyə görə şahmatçıların aktivinə 3 xal yazılır. "Armageddon"da əldə edilən üstünlüyə görə 2, məğlub olana isə 1 xal verilir.
Qeyd edək ki, turnirdə rapid yarışı 7 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits oyunları keçiriləcək. Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.
Vüqar Həşimov Memorialı
Rapid mərhələsi
IV tur
Şəhriyar Məmmədyarov - Rauf Məmmədov
Rixard Rapport (Macarıstan) - Vüqar Əsədli
David Navara (Çexiya) - Fabiano Karuana (ABŞ)
Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan)
V tur
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov
Vüqar Əsədli - David Navara (Çexiya)
Rauf Məmmədov - Rixard Rapport (Macarıstan)
Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya)
Xal durumu: Fabiano Karuana - 8 xal, Rixard Rapport - 7, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Sergey Karyakin - 5, David Navara - 4, Vişvanatan Anand, Vüqar Əsədli - 1.