İspaniyanın Sitjes bölgəsində təşkil olunan beynəlxalq şahmat festivalında yeddinci turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Məhəmməd Muradlı indoneziyalı Azarya Setyaki ilə münasibətlərinə aydınlıq gətirib. Ağ fiqurlarla oynayan 18 yaşlı qrossmeysterimiz 37-ci gedişdə rəqibinə qalib gəlib.
Eltac Səfərli Panayappan Seturamanla (Hindistan) heç-heçəyə razılaşıb.
Aydın Süleymanlı isə Fransa təmsilçisi Tomas Dionisiyə uduzub.
Beləliklə, xalını 5,5-ə çatdıran Məhəmməd turnir cədvəlində 8-ci sıraya yüksəlib. Eyni xala sahib Eltac 9-cu, Aydın 4,5 xalla 23-cü pillədədir. Sıralamaya 6 xalla Nodirbek Abdusattorov (Özbəkistan) başçılıq edir.
İsveçrə sistemi üzrə 10 turdan ibarət festival dekabrın 23-dək davam edəcək.
Qeyd edək ki, hər üç şahmatçımız 30 noyabr - 8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.
Sahib