İspaniyanın Sitjes bölgəsində təşkil olunan beynəlxalq şahmat festivalında səkkizinci turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Eltac Səfərli çilili Rodriqo Vaskeslə qarşılaşıb. Ağ fiqurlarla oynayan 29 yaşlı qrossmeysterimiz 35-ci gedişdə rəqibinə qalib gəlib.
Ülviyyə Fətəliyeva "qaralar"la yerli şahmatçı Linan Asensionu üstələyib.
Aydın Süleymanlı indoneziyalı Azarya Setyaki ilə heç-heçəyə razılaşıb.
Məhəmməd Muradlı isə məğlubiyyətlə üzləşib. 18 yaşlı qrossmeysterimiz hindistanlı Arjun Eriqaysiylə görüşün 33-cü gedişində rəqibinə təslim olub.
Beləliklə, xalını 6,5-ə çatdıran Eltac turnir cədvəlində 6-ci sıraya yüksəlib. O, lider Panayappan Seturamandan yalnız əlavə göstəricilərə görə geri qalır. 5,5 xala sahib Məhəmməd 23-cü, Aydın və Ülviyyə 5 xalla uyğun olaraq 43 və 67-ci sırada qərarlaşıblar.
İsveçrə sistemi üzrə 10 turdan ibarət festival dekabrın 23-dək davam edəcək.
Qeyd edək ki, Eltac, Aydın və Məhəmməd 30 noyabr - 8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.