Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirə yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu yarış günündə bilts üzrə daha 7 tur oynanılıb.
Rapid və blitsdəki yekun nəticələrə əsasən, ABŞ təmsilçisi Fabiano Karuana və macarıstanlı Rixard Rapport eyni - 24 xal topladığından birinci yerin sahibini müəyyənləşdirmək üçün şahmatçılar öz aralarında "armageddon" oynayıblar. Rəqibini məğlub edən Karuana turnirin qalibi olub.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 22,5 xalla yarışı 3-cü pillədə tamamlayıb. Rauf Məmmədov (15,5 xal) 5-ci, Vüqar Əsədli (10 xal) isə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olub. Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir baş tutmayıb.