Polşanın paytaxtı Varşavada rapid və blits üzrə dünya çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, yarışın birinci günündə kişi şahmatçılar rapid üzrə 5, qadınlar 4 turda mübarizə aparıblar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov Pavel Çarnota (Polşa), Samvel Ter-Sahakyan (Ermənistan) və Aleksandr İndjiçi (Serbiya) yenib. Rusiyalı Yevgeni Nayerlə "sülh bağlayan" Məmmədyarov İsrail şahmatçısı Boris Gelfandla dueldən məğlub ayrılıb. Beləliklə, 3,5 xal toplayan 36 yaşlı qrossmeyster hazırda 25-ci sırada qərarlaşıb.
Məhəmməd Muradlı hesabına 3, Aydın Süleymanlı, Xəzər Babazadə və Vasif Durarbəyli 2,5, Vüqar Əsədli ilə Rauf Məmmədov hərəyə 2 xal yaza biliblər.
Qadın təmsilçilərimizdən isə ən yüksək nəticəni Türkan Məmmədyarova və Gülnar Məmmədova göstərib. Üç xal toplayan şahmatçılarımız turnir cədvəlində mübafiq olaraq 8 və 17-,ci pillələrdə qərarlaşıblar. Gövhər Beydullayeva və Zeynəb Məmmədyarova 2, Xanım Balacayeva 1,5 xala yiyələnib.
Rapid yarışı dekabrın 28-dək davam edəcək. Kişilər 13, qadınlar 11 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək. Bu gün həm kişilər, həm də qadınlarda daha 4 tur oynanılacaq.
Dekabrın 30-da yekun vurulacaq dünya çempionatının ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, 2019-cu ildə Moskvada keçirilən son dünya çempionatında kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışın qalibi adını qazanıb. Qadınlar arasında isə hindistanlı Hampi Koneru rapid, rusiyalı Katerina Laqno blits üzrə dünya çempionu adına sahib olublar.
Sahib