Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə kişi və qadın şahmatçılar rapid üzrə daha 4 turda mübarizə aparacaqlar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov altıncı turda ermənistanlı Robert Hovannisyanla münasibətləri aydınlaşdıracaq. Məhəmməd Muradlı Giqa Quparadzeni (Gürcüstan), Vasif Durarbəyli Vladislav Kovalyovu (FİDE), Rauf Məmmədov Ramil Faizraxmanovu (Rusiya), Xəzər Babazadə Aleksandar İndjiçi (Serbiya), Aydın Süleymanlı Mixail Kobaliyanı (Rusiya), Vüqar Əsədli Kasper Piorunu (Polşa) sınağa çəkəcək.
Qadın şahmatçılarımızdan Zeynəb Məmmədyarova beşinci turda hindistanlı Rut Padmininin müqavimətini qırmağa çalışacaq. Türkan Məmmədyarova Antoaneta Stefanova (Bolqarıstan) ilə, Gövhər Beydullayeva Annmari Muetsch (Almaniya) jlə, Xanım Balacayeva Emiliya Dylag (Polşa), Gülnar Məmmədova isə Alina Bivolla (Rusiya) üz-üzə gələcək.
Əvvəlki beş oyundan 3,5 xal toplayan Şəhriyar Məmmədyarov hazırda yarış cədvəlində 25-ci sırada qərarlaşıb. Məhəmməd Muradlı 3 xala malikdir. Aydın Süleymanlı, Xəzər Babazadə və Vasif Durarbəyli hesablarına 2,5, Vüqar Əsədli və Rauf Məmmədov hərəyə 2 xal yaza biliblər.
Qadın təmsilçilərimizdən isə hələlik ən yüksək göstəriciyə Türkan Məmmədyarova və Gülnar Məmmədova sahibdirlər. Dörd partiyadan üç xal toplayan şahmatçılarımız uyğun olaraq turnir cədvəlinin 8 və 17-ci pilləsində yer alıblar. Gövhər Beydullayeva və Zeynəb Məmmədyarova 2, Xanım Balacayeva 1,5 xala yiyələnib.
Rapid yarışı dekabrın 28-dək davam edəcək. Kişilər 13, qadınlar 11 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək.
Dekabrın 30-da yekun vurulacaq dünya çempionatının ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir. Kişilərin yarışında qalib 60 min, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 min dollar qazanacaq.
Qeyd edək ki, 2019-cu ildə Moskvada keçirilən son dünya çempionatında kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışın qalibi adını qazanıb. Qadınlar arasında isə hindistanlı Hampi Koneru rapid, rusiyalı Katerina Laqno blits üzrə dünya çempionu adına sahib olublar.
Sahib