Polşanın paytaxtı Varşavada rapid və blits üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, rapid yarışının ikinci günündə kişi və qadın şahmatçılar daha 4 turda mübarizə aparıblar.
Kişilərin turnirindəki Azərbaycan təmsilçilərindən Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə iki qələbə, bir heç-heçə sayəsində günü 2,5 xalla tamamlayıblar. Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı iki qələbə, bir o sayda məğlubiyyətlə yadda qalıblar. Rauf Məmmədov ehtiyatını 1,5, Vasif Durarbəyli isə cəmi 1 xal artıra bilib.
Qadın şahmatçılarımızdan Gülnar Məmmədova hesabına 3, Zeynəb Məmmədyarova və Xanım Balacayeva 2,5, Gövhər Beydullayeva 2 xal yazdıra bilib. Türkan Məmmədyarova isə 1,5 xalla kifayətlənib.
Beləliklə, 9 turdan sonra kişi şahmatçılarımız arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarovdadır. 36 yaşlı qrossmeyster 5,5 xalla 33-cü pillədə qərarlaşıb. Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə 5, Rauf Məmmədovla Vasif Durarbəyli 3,5 xal toplayıb.
Qadınlardan Gülnar Məmmədova 8 turdan 6 xalla altıncı sırada yer alıb. O, 2-ci yerdə gedən Qazaxıstan təmsilçisi Assel Serikbaydan yalnız əlavə göstəricilərə görə geri qalır. Xanım Balacayeva 5 xalla 24-cüdür. Zeynəb və Türkan Məmmədyarovaların 4,5, Gövhər Beydullayevanın 4 xalı var.
Kişilərin yarış cədvəlinə norveçli Maqnus Karlsen, qadınların sıralamasına isə rusiyalı Aleksandra Kostenyuk (hər ikisi 7,5 xal) başçılıq edir.
Rapid yarışına sabah yekun vurulacaq. Kişilər 13, qadınlar 11 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir. Kişilərin yarışında qalib 60 min, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 min dollar qazanacaq.
Qeyd edək ki, 2019-cu ildə Moskvada keçirilən son dünya çempionatında kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışın qalibi adını qazanıb. Qadınlar arasında isə hindistanlı Hampi Koneru rapid, rusiyalı Katerina Laqno blits üzrə dünya çempionu adına sahib olublar.