Polşanın paytaxtı Varşavada təşkil olunan rapid və blits üzrə dünya çempionatında rapid yarışına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son olaraq kişilər daha 4, qadın şahmatçılar 3 turda mübarizə aparıblar.
Azərbaycanın kişi şahmatçılarından Şəhriyar Məmmədyarov Mattias Bluebaum (Almaniya), İvan Çeparinov (Bolqarıstan) və Vladimir Onişçuka (Ukrayna) qalib gəlib, Yorden Van Forestlə isə (Niderland) "sülh bağlayıb". Beləliklə, 13 turdan 9 xal toplayan 36 yaşlı qrossmeyster yekun sıralamada 8-ci yeri tutub.
Xəzər Babazadə, Məhəmməd Muradlı və Rauf Məmmədov çıxışını 6,5, Aydın Süleymanlı və Vasif Durarbəyli 6 xalla başa vurub.
Yarışın qalibi 17 yaşlı Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov olub.
Qadın şahmatçılarımızdan ən yüksək nəticəni Gülnar Məmmədova göstərib. O, 11 turdan 7,5 xalla 12-ci olub. Xanım Balacayeva 6,5 xalla 26-cı, Gövhər Beydullayeva 6 xalla 37-ci pillədə qərarlaşıb. 5,5 xal toplayan Türkan və Zeynəb Məmmədyarovalar isə müvafiq olaraq 44 və 50-ci yeri tutublar.
Çempion 9 xalla rusiyalı Aleksandra Kostenyuk olub.
Dekabrın 29-30-da mundialda blits yarışı baş tutacaq.
Qeyd edək ki, kişilərdə həm rapid, həm də blits üzrə mükafat fondu 350 min ABŞ dollarıdır. Qadınlarda isə bu, 150 min dollar təşkil edir. Kişi qaliblər üçün 60 min, qadın çempionlar üçün 40 min dollar mükafat ayrılıb.