Bu gün “Sumqayıt”ın yeni baş məşqçisinin adı açıqlandı. Klub 40 yaşlı belaruslu mütəxəssis Aleksey Baqa ilə anlaşıb.
Fanat.Az sumqayıtlıların yeni baş məşqçisi ilə bağlı bəzi məlumatları təqdim edir:
Aleksey Anatolyeviç Baqa 4 fevral 1981-ci ildə Borisov şəhərində dünyaya gəlib. "Smena" (Minsk) futbol məktəbinin yetirməsidir. Aleksey peşəkar futbolda debütünü 1998-ci ildə BATE-nin heyətində edib və Borisov klubunda ümumilikdə 134 oyun keçirib. Ampluası müdafiəçi olsa da, oynadığı dövrdə 21 qolla yadda qalıb.
Baqa futbolçu karyerasını 2010-cu ildə "Dinamo Brest" klubunda başa vurub.
Məşqçi karyerası
2004-cü ildə hələ futbolçu karyerasını davam etdirdiyi dönəmdə Aleksey Belarus Dövlət Bədən Tərbiyəsi Akademiyasını futbol məşqçisi ixtisası üzrə bitirib və məşqçilik hüququ qazanıb. 2011-ci ildən 2018-ə qədər BATE-nin məşqçilər korpusunun üzvü olub. 2012-2013-cü illərdə Belarusun gənclərdən ibarət milli komandasının məşqçilər korpusunun üzvü olub. PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
2018/19 mövsümündə nəhayət, ona doğma olan BATE-nin baş məşqçisi olub.
Baqa 2020-ci ildə Litvanın "Jalgiris" klubuna rəhbərlik edib.
2021-ci ildə isə Baqa Qazaxıstanın "Aktobe" və Belarusun "Şaxtyor Soliqorsk" klubunun baş məşqçisi olub. Bu il dekabrın 1-də məlum olub ki, öz xahişi ilə postunu tərk edib.
40 yaşlı mütəxəssisin məşqçi karyerası ərzində qazandığı nailiyyətlərini təqdim edirik:
BATE
Belarus çempionu (1): 2018
Belarusun vitse-çempionu (1): 2019
Belarus Superkubokunun finalçısı (1): 2019
"Jalgiris"
Litva Çempionu (1): 2020
Litva Superkubokunun qalibi (1): 2020
"Şaxtyor Soliqorsk"
Belarus çempionu (1): 2021
Bir ay öncə 40 yaşlı mütəxəssis Belarusiyanın "STV" telekanalının aparıcısının suallarını cavablandırarkən, zarafatla "Barselona" və "Mançester Yunayted" klublarından gələn təklifi qəbul etməyəcəyini bildirirb.
Həmin müsahibə noyabr ayında - Baqa "Şaxtyor Soliqorsk" klubunda çalışarkən baş tutub.
Aparıcı: "Şaxtyor" klubunda işləməsəydiniz, hansı komandaya üstünlük verərdiniz? Tutaq ki, "Barselona"...
Baqa: İspan dili çətindir, həm də ora çox istidir. Ona görə "yox" deyirəm.
Aparıcı: Bəs "Mançester Yunayted"?
Baqa: Ora çox yağışlıdır...
Görünür, Azərbaycanın iqlimi belaruslu mütəxəssisi cəlb edib və ölkəmizdə çalışmağa razılıq verib. Baxmayaraq ki, Sumqayıtın havası ürəyincə olmaya bilər...
Xatırladaq ki, 40 yaşlı mütəxəssislə "Sumqayıt" arasında 2,5 illik müqavilə imzalanıb. Belaruslu baş məşqçi yeni vəzifədə Ayxan Abbasovu əvəzləyib.
Emin Şəmsiyev