Polşanın paytaxtı Varşavanın ev sahibliyi etdiyi rapid və blits üzrə dünya çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, blits turnirinin ikinci günündə kişilər daha 9, qadın şahmatçılar 8 turda mübarizə aparıblar.
Kişilərin yarışında Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərib. 21 turdan 14 xal toplayan 36 yaşlı qrossmeyster 6-cı yeri tutub. Rauf Məmmədov 13 xalla 21-ci, Məhəmməd Muradlı 12,5 xalla 26-cı olub. Vüqar Əsədli hesabına 12, Vasif Durarbəyli 10,5, Aydın Süleymanlı və Xəzər Babazadə 10 xal yaza bilib.
Qadın şahmatçılarımızdan Zeynəb Məmmədyarova 17 turdan hasil etdiyi 10,5 xalla 15-ci pilləni tutub. Ondan 1 xal geri qalan Türkan Məmmədyarova 33-cü, hərəyə 9 xal yığan Xanım Balacayeva və Gülnar Məmmədova uyğun olaraq 39 və 44-cü yerlərdə qərarlaşıblar. Gövhər Beydullayevanın topladığı 8,5 xal isə ona 56-cı olmağa yetib.
Kişilərin turnirinin qalibi fransalı Maksim Vaşye-Laqrav, qadınlar arasında çempion isə qazaxıstanlı Bibisara Assaubayeva olub.
Xatırladaq ki, dekabrın 26-dan 28-dək keçirilən rapid yarışında da kişi şahmatçılarımızdan ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərib. Qadınlardan isə Gülnar Məmmədova fərqlənib. Məmmədyarov 13 turdan 9 xalla 8-ci, Məmmədova 11 turdan 7,5 xalla 12-ci olub. Kişilərdə çempion adını Nodirbek Abdusattorov (Özbəkistan), qadınlarda Aleksandra Kostenyuk (Rusiya) qazanıb