Çin təqviminə görə, 2022-ci il "Pələng ili"dir.
30.01.1998-ci il tarixində, yəni "Pələng ili"ndə göz açan "Zirə"nin futbolçusu Hacıağa Hacılı ilə söhbət etdik.
Ölkə futbolunun 24 yaşlı "pələng"i arxada qalan 2021-ci ili dəyərləndirdi və gələcək planları ilə bağlı Fanat.Az-a danışdı:
- Artıq ölkə çempionatında ilk yarı başa çatıb. Arxada qalan 14 turu necə qiymətləndirirsiniz?
- Bu il ölkə çempionatı əvvəlki illərə baxanda çox ağır keçir. Bütün komandaların heyətində aqressiv və texnikalı futbolçular çoxluq təşkil edir. Bu isə rəqabəti artırır. İlk yarıda 22 xal toplamışıq. Daha çox xal yığa bilərdik. Bəzi oyunlarda boşluqlara yol verdik. Nəticədə rəqiblərimiz də bizi cəzalandırdı. Bir sözlə 14 turdan sonra bütün komandaların nəyə qadir olduğunu hamı gördü və bir-birini yaxşı tanıdı. Fikrimcə, 3-cü və 4-cü dövrələr daha çətin keçəcək.
- Ümumiyyətlə, 2021-ci ilin özünüz üçün uğurlu hesab edirsiniz?
- 2021-ci il mənim üçün yaxşı keçdi. Ancaq daha yaxşı ola bilərdi.
- Yeni ildə həyatınızda və ya karyeranızda dəyişiklik etmək kimi planınız varmı?
- Karyeramda dəyişiklik etməyi planlaşdırmıram.
- Hacıağanın nail olmaq istədiyi hədəf nədir?
- Karyeramda nail olmaq istədiyim çox hədəf var. Ən əsası Avropa arenasında nəticə vermək istərdim. Bunun üçün isə hazırki formamdan daha yaxşı olmalıyam. İnanıram ki, bu nəticələri qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm.
- Çin təqviminə görə, "Pələng ili"ndə doğulan insanlar dünyadakı həyatı istiqamətləndirə biləcək qədər güclüdür. Geniş ölçəkli işlərlə məşğul olmaqdan, kütlələri ayağa qaldırmaqdan və idarə etməkdən xoşlanar. "Pələng ili"ndə dünyaya göz açanlar hərəkətli və cəsur insanlardır. Ən yaxşı tərəfləri istiqanlı olmalarıdır. Başqalarının istəklərinə anlayışla yaxınlaşarlar. Zəif tərəfləri isə eqoizm və dostlarına qarşı məsafəli davranmalarıdır. "Pələng ili"ndə doğulanlar peşə və karyerasında müvəffəqiyyətli olurlar. Bəzən təlaşlı xarakterləri zərər görmələrinə səbəb olur. Güclü romantik xarakterə sahibdirlər.
Maraqlıdır, bu xüsusiyyətlərdən hansına sahibsiniz?
- "Pələng ili" ilə bağlı heç bir məlumatım yox idi. Ancaq görürəm ki, bəzi xüsusiyyətlər üst-üstə düşür. Misal üçün, hərəkətli olmaq. Bir yerdə dayanmağı sevmirəm. Daim hərəkətdə olmaq enerjimi yüksəltməyə gətirir. Tanımadığım insanlara qarşı istiqanlıyam, onlarla danışmağı, gülməyi, əylənməyi daha çox sevirəm. Tanıdığım insanlara və dostlarıma qarşı isə məsafə saxlamağı daha uyğun hesab edirəm.
"Pələng ili"ndə doğulanlar karyerasında müvəffəqiyyətli olursa, inşallah, onlardan biri də mən olaram. "Pələng ili"nə xas olan təlaş içində olmaq zəif tərəflərimdən biridir. Bəzən yalnış addımlara yol verirəm. Bu isə ən sevmədiyim xüsusiyyətimdir. Bir də güclü romantik xarakterə sahib olduqları bildirilir. Amma bunu hələ özümdə kəşf etməmişəm. (gülür)..."
Röya Kərimli