Məlum olduğu kimi, Azərbaycan Premyer Liqa klublarının əksəriyyəti qış hazırlığını Türkiyədə keçirəcək. Yalnız "Səbail" və "Keşlə" Azərbaycanı tərk etməyəcək. Artıq "Zirə" Antalyada təlim-məşq toplanışındadır. Digərləri isə növbəti həftədən etibarən qardaş ölkədə məşqlərə başlayacaqlar.
Təəssüflə qeyd etməliyik ki, klublarımızın Türkiyədəki sınaq görüşlərini izləyə bilməyəcəyik.
Çempionatın yayım hüququnun sahibi olan "CBC Sport" Antalyadan çəkiliş etməyəcək.
Kanalın baş redaktoru Şəmsəddin Abbasov Fanat.Az-a açıqlamasında belə deyib:
"Əvvəlcə onu deyim ki, biz klubların xaricdəki yoxlama oyunlarından hər il çəkiliş edə bilməmişik. Səhv etmirəmsə, fəaliyyət göstərdiyimiz 6 ildən ikisində bu təcrübədən yararlanmışıq. Bu il bizdə alınmayacaq. Niyə? Dünyanı bürüyən pandemiyaya görə harasa getmək, çəkiliş etmək - hətta qonşu Türkiyə olsa belə - əlavə problem yaradır. Türkiyədə Omikron ştammı baş alıb getməsi narahatlıq yaradır. Riskdən çəkinirik ki, gedərik ora, heyət üzvlərindən kimsə virusa yoluxar. Belədə 15 gün karantində qalmalı olacaq. Bütün bu riskləri nəzərə alıb düşündük ki, bu dəfə getməyək. İnşallah, dünya bu bəlaya qalib gələr, biz də gələn il öz işimizi lazımi səviyyədə yerinə yetirərik".
Aydın məsələdir, pandemiya var və biz bu riski iki ildən artıqdır həyatımızda yaşayırıq. Amma sərhədlər bağlı deyilsə, klublar Türkiyəyə gedirsə, hətta yazılı və onlayn media üzvləri də qardaş ölkəyə üz tutursa, çempionatın yayım hüququna sahib olan kanal niyə bu qədər ehtiyat edir? Necə deyərlər "sonunu düşünən qəhrəman ola bilməz". "CBC Sport" "pandemiya cəbhəsi"ndə "səngər"ə girməkdən, "döyüşmək"dən çəkinirsə, artıq nəsə deməyə ehtiyac qalmır...
Mirağa