Beynəlxalq qrossmeyster Aydın Süleymanlı Fanat.Az-a müsahibə verib.
16 yaşlı perspektivli şahmatçı 2021-ci il ərzindəki çıxışından, cari ildə qarşısına qoyduğu hədəflərdən danışıb.
- Aydın, ötən ili özün üçün necə dəyərləndirirsən?
- İlə yaxşı başladım. Ardıcıl yaxşı nəticələrlə reytinqimi 2560-dək qaldıra bilmişdim. Ancaq sonradan oyunumda eniş yaşandı. Qrossmeyster normasını yerinə yetirməyimi və klublararası Avropa Kubokundakı bürünc medalı çıxmaqla, ötən ili özüm üçün uğursuz hesab edirəm. Belə baxanda, qrossmeyster dərəcəsini onsuz da əvvəl-axır alacaqdım.
- Uğursuzluğunun səbəbini nədə görürsən?
- 2020-ci ildə pandemiya səbəbindən uzun müddət yarışlar olmadı. Əsasən bu amil özünü göstərdi. Əvvəlki ilin boşluğunu doldurmaq üçün 2021-də olduqca çox yarışda iştirak elədim. Düşünürəm ki, sıx qrafik də mənə mənfi təsir göstərdi. Bu, mənə dərs oldu. Qarşıda daha az yarışda iştirak edəcəyəm. Mümkün qədər az oynamaq, əsasən hazırlığımı artırmaq haqda fikirləşirəm.
- Oyun üslubunda dəyişiklik etməyin vacib olduğunu düşünürsənmi?
- Bəli, vacibdir. Yeni açılışlar, variantlar üzərində çalışacağam.
- 2022-ci illə bağlı əsas planların nədir?
- Başlıca məqsədim 2600 reytinq xalını keçməkdir. Elə də asan olmayacaq. Amma hesab edirəm, il ərzində mümkün qədər yaxşı hazırlıqla bunu bacara bilərəm.
- İlə hansı yarışla start verəcəksən?
- Ölkə çempionatının tarixi məlum deyil. Yanvarda olmasa, dəqiqdir ki, bu ay boş keçəcək. Yəqin ki, ilk yarışım fevralda olacaq.
- Şahmatsevərlərin səndən gözləntiləri çoxdur. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbovun davamçısı kimi görənlər kifayət qədərdir. Ötənilki uğursuzluqların onları da narahat etməyə biməz. Azarkeşlərə demək istədiyin nəsə varmı?
- Əvvəla, sağ olsunlar ki, maraqlanırlar. Diqqəti hiss edirəm. Mənim də istədiyim ən azından onlar səviyyəsinə çatmaqdır. Amma onu da deyim ki, bu, qısa zamanın işi deyil.
Sahib Əsədbəyli