Dünəndən Avstriyada hazırlıqlara başlayan “Neftçi”nin Rusiyanın “Volqa” klubu ilə qarşılaşmayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu gün səhər saatlarından həmin ölkəyə gedəcək Nijni-Novqorod təmsilçisinin sınaqçı rəqibləri arasında çempionumuzun adına rast gəlinmir.
Belə ki, Avstriyada “Moisl” otelində qalacaq Rusiya elitasının iştirakçısı iyulun 5-dək hazırlıq keçdiyi müddətdə 6 yoxlama oyunu keçirəcək. Ötən mövsümü 12-ci pillədə tamamlayan “Volqa” iyunun 25-də “Podbrezova” (Slovakiya) və “Şkenderbeu” (Albaniya), 28-də “Videoton” (Macarıstan) və “Red Bull”un 2-ci komandası (Avstriya), iyulun 1-də “Kluj” (Rumıniya) və 4-də “Vaslui” (Rumıniya) ilə gücünü sınayacaq.
Qeyd edək ki, Avstriyada 6 yoxlama oyunu keçirəcək “Neftçi”nin iyulun 10-da “Vaslui” ilə qarşılaşacağı dəqiqdir.
İdman24.az