"Fiziki cəhətdən özümü yaxşı hiss edirəm".
Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Eddi İsrafilov klubun televiziyasına müsahibəsində deyib.
30 yaşlı futbolçu bildirib ki, uzun müddətdir İspaniya "Luqo"sunda hazırlıq keçirdi: "Əslində bu klubla müqavilə imzalamalıydım. Amma "Neftçi" ilə yaradılan əlaqədən sonra bu komandaya keçmək qərarına gəldim. Hesab edirəm ki, bu, gələcək karyeram üçün yaxşı seçimdir. Burada əsas məqsədim bütün oyunlarda özümü yaxşı tərəfdən göstərmək və bacardığım qədər çox titul qazanmaqdır".
Təcrübəli yarımmüdafiəçi yenidən Azərbaycan milli komandasında oynamaq istədiyini gizlətməyib: "Son 6 ayda baş məşqçi (Canni De Byazi - red.) məni bir neçə dəfə yığmaya dəvət edib. Amma klubsuz olduğum üçün özümü tam hazır hiss etmədiyimdən milliyə qoşulmamağa qərar verdim. Lakin hazırda "Neftçi"dəyəm və inanıram ki, buradakı oyunumla yenidən yığmada çıxış edəcəyəm".
İsrafilov insanlardan dəstək gözlədiyini etiraf edib: "Ağ-qara rənglərə görə əlimdən gələnin ən yaxşısını edəcəyəm. Çox gözəl şəhərdəyəm. Anam azərbaycanlıdır. 4-5 il il bu ölkədə yaşamışam, burada böyümüşəm".
Qeyd edək ki, Eddi İsrafilov "Neftçi" ilə 2,5 illik müqavilə imzalayıb.