Rəvan” Futbol Klubu 2013/14 mövsümünə hazırlıqlara rəsmən start verdi. Komandanın yerli üzvləri həkim müayinəsindən keçdikdən sonra məşqlərə başlanılıb. Qeyd edək ki, legionerlər düşərgəyə 23-nə qədər qoşulacaq və onlar tibbi baxışdan ayın 24-də keçəcək.
Dünənki məşqə gəlincə, "Bayıl stadionu”nda baş tutan ilk hazırlıqda heç də bütün yerli oyunçular iştirak edə bilməyib. Nodar Məmmədov, Tofiq Mikayılov, Bəxtiyar Soltanov, Hüseyn Axundov və Ramazan Abbasov hərbçilər arasında keçiriləcək dünya çempionatına hazırlaşan milli komandamızın heyətində yer aldığından onlar hazırlığın bir hissəsini buraxacaq. Belədə baş məşqçi Ramil Əliyev hazırlıqda əvəzedici komandadan bəzi oyunçuları, o cümlədən aşağı yaş qrupları üzrə komandalardan bir neçə futbolçunu sınayır.
Məşqin özü isə ilk olduğundan sakit məcrada cərəyan etdi. Baş məşqçi futbolçuları artan templə hazırlamağı məqsədəuyğun bildiyindən yüngül məşq oldu. Amma topla rəftara xüsusi diqqət ayıran Ramil Əliyev qapıya zərbələr, "kvadrat” və ikitərəfli oyunu da yaddan çıxarmadı.
İdman24.az