Çexiyada "Praqa Open" şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda 6-cı turun görüşləri baş tutub. Əvvəlki beş matçı qələbə ilə tamamlayan Azərbaycan təmsilçisi Azər Mirzəyev turnirin xal itirməyən digər iştirakçısı Artur Peyperslə (Niderland) münasibətlərinə aydınlıq gətirib. Şahmatçımızın qara fiqurlarla oynadığı qarşılaşmada qalib müəyyənləşməyib.
Beləliklə, xalını 5,5-ə çatdıran Mirzəyev Peyperslə birgə turnir cədvəlinə başçılıq edir. Təmsilçimiz növbəti turda malayziyalı Ren Lim Juo ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarışa 150-dən çox şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 14-də yekun vurulacaq.