"Önəmli qarşılaşmada uduzsaq da, şanslarımız hələ tükənməyib. Qarşıda daha iki oyunumuz var".
Fanat.Az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.
Braziliyalı çalışdırıcı Avropa çempionatının final mərhələsində İspaniyaya qarşı keçirəcəkləri D qrupunun II tur matçından öncə qatıldığı mətbuat konfransında durumu belə dəyərləndirib:
"Gürcüstanla oyunda buraxdığımız səhvlər üzərində işləyirik. Oyunçularla psixoloji söhbətlər də etmişik. Sonadək mübarizə aparacağıq. Əlbəttə, hər şey bizdən asılı deyil. Gürcüstan - Bosniya və Herseqovina matçının nəticəsi də vacibdir. Gürcülər qalib gəlsə, bizim üçün çətin olacaq".
Qeyd edək ki, sabah - yanvarın 26-da keçiriləcək İspaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.