Azərbaycan Premyer Liqası klubları mövsümün ikinci yarısına hazırlığın əsas mərhələsini başa vurub.
8 klubdan 6-sı ölkə xaricinə çıxmağa imkan tapıb. "Qarabağ", "Qəbələ", "Zirə", "Neftçi", "Sabah" və "Sumqayıt" Türkiyənin Antalya bölgəsinə üz tutub. "Keşlə" ilə "Səbail" isə Bakıda hazırlaşıb.
Klublarımız bu müddətdə bir sıra yoxlama görüşlərində qüvvəsini sınayıb, heyətlərinə yeni futbolçular cəlb ediblər.
Azərbaycanın tanınmış futbol meneceri Vaqif Heydərli Antalyaya səfəri ərəfəsində təmsilçilərimizin oyunlarından bir neçəsini izləməyə vaxt tapıb.
Fanat.Az-a danışan Heydərli klublarımızın hazırlığı, yoxlama görüşlərindəki performansı və yeni transferlərin çıxışını dəyərləndirib:
"Təlim-məşq toplanışları normal səviyyədə keçdi. Bu il hava şəraiti hazırlıqlara elə də ciddi təsir etmədi. Komandaların fərdi şəkildə hazırlıq səviyyəsi isə oyunlarda bəlli olur. Yoxlama görüşləri ilə bağlı da xüsusi bir şey demək mümkün deyil. Adı üstündədir - yoxlama oyunu. Baş məşqçilər belə matçlarda sadəcə futbolçuları yoxlayırlar. Bu isə nəticələrə öz təsirini göstərir. Görüşlərin əksəriyyəti yorğunluq fonunda keçirildiyi üçün futbolçular da tam olaraq güclərini ortaya qoya bilmirdi. Burada mənfi heç bir şey yoxdur. Çünki bu çempionata hazırlıqdır. Komandaların qarşısında rəsmi oyunlara qədər ideal formanı yığmaq tapşırığı vardı. Amma hansı komandanın bunun öhdəsindən yaxşı gəldiyini zaman göstərəcək.
Transferlər isə elə də çox olmadı. Legionerləri əvvəlki klublarına və iştirak etdikləri çempionatlara görə fərqləndirmək olar. "Neftçi"dən Gilyerme Nunes Rodrigez Pato, "Qarabağ"dan Leandro Andrade və Rüstəm Əhmədzadəni qeyd edərdim. Komandalarına nə dərəcədə faydalı olduqlarını isə rəsmi görüşlərdə görəcəyik".
Emin Şəmsiyev