"Qarabağ" "Olimpik Marsel"lə UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun neytral meydanda keçirilməsi ilə bağlı iddialara münasibət bildirib.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Fanat.Az-a açıqlamasında Avropa futbol qurumu və Fransa təmsilçisi ilə danışıqların aparıldığını bildirib.
Klub rəsmisi UEFA-nın pley-off mərhələsinin iştirakçıları ilə onlayn görüş keçirdiyini bildirib:
"Görüşdə pley-off matçı və ölkənin vaksinlə bağlı qanunları müzakirə edilib. Bu məsələdə 2 meyar əsas götürülür. Birincisi, Fransaya səfər edən şəxslərin peyvənd olunub-olunmamasıdır. Belə bir hal varsa, bu, birbaşa səfər edən komandanın problemidir. İkinci məsələ, klubun səfər etdiyi ölkənin həmin vaksini tanımamasıdır. Burada isə artıq məsuliyyəti oyunu qəbul edən tərəf daşıyır. Yəni, ya yerli hökumətə müraciət edib istisna hal kimi matçın evdə oynanılmasına icazə almalıdır, yaxud da rəqibini neytral ölkədə qəbul etməlidir. UEFA-nın təklif etdiyi variantlar budur.
"Qarabağ"a şamil olunan ikinci məsələdir. Çünki bizdə hamı vaksin olunub. Lakin bunların bir çoxu Fransada qəbul olunmur. Ona görə də "Olimpik Marsel" hər şeyi öz üzərinə götürərək, məsələnin həllinə çalışmalıdır. Qarşı tərəflə danışıqlarımız olub. Bildiyimizə görə, klub yerli hökumətə müraciət edərək, istisna hal kimi "Qarabağ"ın Fransaya səfər etməsinə çalışır. Hazırda Fransa hökuməti güzəştə getməməyə israrlı kimi görünür. Belə olan halda, oyunumuzun neytral meydanda keçirilmə ehtimalı var. Məsələyə gələn həftə aydınlıq gələcək".
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Mirağa