Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə Niderlandın Veyk-an-Zee şəhərində təşkil olunan "Tata Steel Masters" superturnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeysterimiz sonuncu - 13-cü turda ABŞ təmsilçisi Fabiano Karuana ilə münasibətlərinə aydınlıq gətirəcək. Məmmədyarov bu partiyada ağ fiqurlarla mübarizə aparacaq.
Hazırda 7,5 xalı olan Şəhriyar macarıstanlı Rixard Rapportla turnir cədvəlinin 2-3-cü pillələrini bölüşür. O, lider Maqnus Karlsendən 1 xal geri qalır ki, norveçli dünya çempionu son turun nəticələrindən asılı olmayaraq yarışda qalibiyyəti təmin edib. Belə ki, 31 yaşlı qrossmeysterin bu gün qarşılaşmalı olduğu rusiyalı Daniil Dubov koronavirus infeksiyasına yoluxması səbəbi ilə yarışdan uzaqlaşdırıldığından, ona texniki qələbə veriləcək.
Qeyd edək ki, turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
"Tata Steel Masters"
XIII tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ)
Yorden Van Forest (Niderland) - Sem Şenklend (ABŞ)
Nils Qrandelius (İsveç) - Yan-Kşiştof Duda (Polşa)
Rixard Rapport (Macarıstan) - Aniş Giri (Niderland)
Rameşbabu Praqnanandxa (Hindistan) - Andrey Yesipenko (Rusiya)
Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya)
Sergey Karyakin (Rusiya) - Vidit Santoş Qujrati (Hindistan)