Niderlandda keçirilən AÇ-2022-nin final mərhələsində iştirak edən futzal millimiz Azərbaycana qayıdıb.
Fanat.Az xəbər verir ki, komandamız vətənə tam heyətlə gələ bilməyib, millinin 10-a yaxın üzvü Niderlandda qalmalı olub.
Buna səbəb onarın koronavirus testinin pozitiv olmasıdır. Bir neçə gün öncə futzalçılardan Xətai Bağırovla Emin Kürdovun PCR testinin nəticəsinin pozitiv olması ilə əlaqədar karantinə alındıqları açıqlanmışdı. Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı isə sənədləşmə düzgün aparılmadığına görə, onlardan yenidən PCR test götürülüb. Nəticədə məlum olub ki, yoluxanlar təkcə olnlar deyilmiş.
Komandanın son durumu haqda Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Qaynarinfo-ya açıqlamasında ora gedən nümayəndələrdən yalız bir hissəsinin Bakıya qayıtdığını, ancaq 10-a yaxın üzvün Niderlandda qaldığını deyib:
"Bu gün səhər Bakıya çatdıq. Gələndə PCR test verdik, Hacıbala Abdullazadə və Felipinyoda da nəticələr pozitiv çıxdı və onlar Niderlandda qaldı. Ümumiyyətlə, təxminən 10-a yaxın nümayəndə Bakıya gələ bilməyib. Onlar həkim Fuad Səfərov, məşqçilər Ağakərim Həsənov və Hacıbala Abdullazadə, masajçı Əhməd Əhmədov, futzalçılar Xətai Bağırov, Emin Kürdov, Felipinyo və menecer Fərrux Hüseynzadədir. Nəticəsi pozitiv çıxanlar Amsterdamda "Leonardo Royal Hotel"də qalırlar. Yalnız Əhməd Əhmədov Qroningendə qalır. O, ayın 1-dən etibarən digərlərinə qoşulacaq. Karantin vaxtları bitəndən sonra hər biri yenidən test verəcək".
Həmkarımız Niderland qanunlarına əsasən, karantinin müddəti başa çatandan sonra sərbəst gəzməyə icazə verildiyini bildirib:
"Niderland qanunlarına əsasən, karantin müddəti başa çatdısa, test vermədən sərbəst gəzirsən. Amma Azərbaycana gəlmək üçün mütləq PCR test verməlisən. Ona görə bunlar karantın müddətləri başa çatdıqdan sonra PCR test verəcəklər. Nə vaxt neqativ nəticə alınsa, həmin gün gələcəklər Bakıya. Həkimin də test nəticəsi pozitiv olduğu üçün onların yanında qalır. Əsas odur ki, həkim onları daim nəzarət altında saxlayır, ehtiyac yarandıqda tibbi yardım göstərir. Ümumiyyətlə, bu dəqiqə Avropada xəstəlik dəhşətli dərəcədə yayılıb".
Məmmədovdan komandanın necə yoluxduğunu, hazırkı durumlarını və peyvənd olunub-olunmadıqlarını da soruşduq:
"Mən iki maskanı üst-üstə geyinirdim, şəhərə çıxmırdım. Necə yoluxduqlarını bilmək olmur ki. Bizim komandanın sürücüsü yerli vətəndaş idi, axırıncı oyundan əvvəl onda da nəticə pozitiv çıxdı. Bunun simptomunu hiss eləmirsən, ancaq boğazın ağrıyır. Hamının vaksin sertifikatı var. Vaksin olunmasan, buraxmazlar ora. Durumlarına gəlincə, eləsi var deyir, heç nəyim yoxdur. Eləsi var səsi batıb, boğazı ağrıyır. Qayıdanda PCR test verdik, nəticəsi neqativ olanlar Azərbaycana qayıtdı".
Futzal Federasiyasının sözçüsü açıqlamasında, orada qalanların bütün xərclərinin AFFA tərəfindən ödənildiyini də bildirdi.
Millimiz Niderlandda baş tutan AÇ-nin final mərhələsi çərçivəsində qrupda Gürcüstan, İspaniya, Bosniya və Hersoqovina ilə mübarizə aparıb. İlk görüşdə gürcülərə 3:2 hesabı ilə uduzan Alesionun komandası, ispanlarla heç-heçə edib (2:2), Bosniya və Hersoqovinaya isə qalib gəlib (4:2). Buna baxmayaraq, komandamız növbəti mərhələyə adlaya bilməyib.