"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Keşlə" üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, oyunsonrası mətbuat konfransına qatılan 39 yaşlı mütəxəssis ona ünvanlanan sualları da cavablandırıb:
- Çempionat üçün hamımız darıxmışdıq. Olduqca vacib qələbə qazandıq. Oyundan əvvəl bir qədər narahat idim. Bu qələbə bizim üçün çox dəyərlidir...
Oyuna nəzarət etməyə çalışdıq. Qol epizodları yarada bildik... İlin ilk çempionat oyununda özünəinam baxımından müəyyən problemlərimiz var idi. İkinci hissədə əks-hücumlardan qorunmağa çalışdıq. Rəqib bu mənada ciddi təhlükə yarada bilir. "Keşlə" azlıqda qalandan sonra daha yaxşı oynaya, oyunu bir qədər sakit başa vura bilərdik.
- Rəqibin "qırmızı" almasında xüsusi rolu olan yeni futbolçunun - Hamidu Keytanın çıxışı barədə nə deyə bilərsiniz?
- Keyta bizə gec qoşulsa da, Brayan Alseusla müqayisədə daha hazırlıqlıdır. O, hücum xəttimizi gücləndirəcək. Rotasiyalar zamanı komandaya faydası dəyəcəyinə inanıram.
- Bu qış daha bir transfer olacaq?
- Hələ vaxt var. İki futbolçu ilə danışıq aparırıq. Necə alınacağını zaman göstərəcək. Ola bilsin, üçüncü transfer də reallaşdı. Belə desək, ehtiyat oyunçular skamyasını uzun etmək lazımdır. Mövsümün gərginliyini nəzərə almalıyıq.