Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın yeni prezidenti seçilib.
Hesabat-seçki konfransından sonra Azərbaycan Boks Federasiyasının yeni prezidenti mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
S.Babayev göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib:
"Mənə göstərilən etimadı böyük sevinclə qarşıladım. Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin dövründən başlayır. Onun siyasətini Prezident İlham Əliyev davam etdirir. Son 15 ildə Azərbaycan idmanı beynəlxalq yarışlarda 945 medal qazanıb. Bu, ölkə başçısının idmana verdiyi dəstəyin bariz nümunəsidir. Bu idman növü Azərbaycanda böyük ənənələrə malikdir. Olimpiya medallarına baxanda boks ikinci sıradadır. Azərbaycan boksu və federasiyanın əvvəlki rəhbərliyi kifayət qədər böyük uğurlar əldə edib. Boksçular hər zaman uğurlu çıxış ediblər".
S.Babayev idmançılar, məşqçilərimiz və federasiya əməkdaşları ilə birlikdə boksun daha da inkişaf etməsi üçün işləyəcəklərini diqqətə çatdırıb: "Biz bu sahədə fəaliyyətimizi daha da inkişaf etdirməliyik. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında boksun məşhurluğunu artırmaq üçün müxtəlif işlər görməliyik. İstedadlı idmançıları daha da peşəkar şəkildə hazırlıqlara cəlb etməliyik. İdmançıların yarışlarda daha aktiv iştirakı ilə bağlı tədbirlər görməliyik. Azərbaycan regionlarında və Bakıda boksa maraq böyükdür. Bunu daha kütləvi etməliyik.
Azərbaycan boksçularının hüquqlarını tam müdafiə edəcəyik. Bəzən ədalətsiz qərar çıxanda dərin təəssüf hissi keçirmişəm. 2015-ci ildə Boks Mərkəzinin açılışı zamanı ölkə başçısı da bildirmişdi ki, hakim ədalətsizliyi ilə üzləşirik. Haqsızlıqla üzləşmişiksə, bunun hüquqi addımları olmalıdır. Məsələnin sistemli həlli üçün müxtəlif müzakirələrdə iştirak edəcəyik".
Babayev boksa olan marağından da danışıb: "Bu sahədə biliklərim həvəskar sahədədir. Boksçularımızı izləyənlərdən biri olmuşam. Bundan sonra daha ciddi və peşəkar səviyyədə bu məsələ ilə məşğul olmağa başlamışam. Boksçularımızın əksəriyyətinin döyüşlərinə gənc yaşlarımda baxmışam və uğurlarına sevinmişəm".
Yeni prezident Azərbaycan Boks Federasiyasının hədəflərini də açıqlayıb: "Qısa müddətli cari ildəki yarışlarda Azərbaycana medallar qazandırmaq istəyirik. Orta müddətli hədəfə gəlincə, Paris olimpiadasına çox vaxtımız yoxdur. Burada da hədəf medallar gətirməkdir. Uzunmüddətli hədəflər isə yeni gənc boksçu nəslinin yetişdirilməsidir. Bunun üçün seleksiyalar həyata keçirilməli, yeni gənc hakim nəslin üzə çıxmasına çalışmalıdır. Bu hədəflərin altında da çoxsaylı planlar olacaq". (Report.az)