Naxçıvanda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün yarışda yeddinci turun matçları keçirilib. Tur çərçivəsində turnir cədvəlinin lideri Vasif Durarbəyli ən yaxın izləyicilərindən biri olan Aydın Süleymanlı ilə üz-üzə gəlib. Görüş Süleymanlının qələbəsi ilə yekunlaşıb.
Misrətdin İsgəndərov Murad İbrahimlini, Nicat Məmmədov Uğur İlyaslını, Xəzər Babazadə Məhəmməd Muradlını yenib.
Bu nəticələrdən sonra xalını 5,5-ə çatdıran A.Süleymanlı və M.İsgəndərov yarış cədvəlində 1 və 2-ci yerləri bölüşürlər. V.Durarbəyli 5 xalla üçüncüdür.
Qeyd edək ki, 24 şahmatçının qatıldığı Azərbaycan çempionatına fevralın 18-də yekun vurulacaq. Yarışda ilk 4 yeri tutanlar mart ayında Sloveniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlar.