Naxçıvanda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən yarışın ilk mərhələsində səkkizinci turun matçları oynanılıb. Tur çərçivəsində Misrətdin İsgəndərov Nicat Məmmədovla üz-üzə gəlib. Partiya qara fiqurlarla oynayan İsgəndərovun qələbəsi ilə yekunlaşıb.
Aydın Süleymanlı Əhməd Əhmədzadə ilə xalı yarı bölüb. Vasif Durarbəyli isə Xəzər Babazadəni yenib.
Bu nəticələrdən sonra xalını 6,5-ə çatdıran Misrətdin turnir cədvəlində vahid lider olub və növbəti mərhələyə vəsiqəni təmin edib. Onunla yanaşı, hərəyə 6 xalı olan Aydın və Vasif də adlarını yarımfinala yazdırıblar. Son vəsiqənin sahibinin adına bu gün baş tutacaq ilk mərhələnin sonuncu - IX turunda aydınlıq gələcək.
Qeyd edək ki, həlledici mərhələ 15-18 fevralda keçiriləcək.