Naxçıvanda keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının final mərhələsi televiziya vasitəsilə canlı yayımlanacaq.
Fanat.Az xəbər verir ki, dörd şahmatçının iştirakı ilə baş tutacaq həlledici görüşlər
"İdman Azərbaycan" kanalı ilə nümayiş etdiriləcək. Partiyaları beynəlxalq qrossmeyster, gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov və beynəlxalq qrossmeyster Nicat Abasov şərh edəcək.
Qeyd edək ki, yarışın əsasnaməsinə əsasən, 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar final mərhələsinə vəsiqə qazanıb. Hərəyə 7 xal toplayan Vasif Durarbəyli və Misrətdin İsgəndərov 1-2-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə V.Durarbəyli birinci yerin sahibi olub. Aydın Süleymanlı 6 xal ilə 3-cü yeri tutub. Hərəyə 5.5 xal toplayan Məhəmməd Muradlı, Eltac Səfərli, Murad İbrahimli və Əhməd Əhmədzadə 4-7-ci yerlərdə qərarlaşıb. Əlavə göstəricilərə görə, 4-cü yerə layiq görülən M. Muradlı final mərhələsinə vəsiqəni təmin edib. Yarımfinalda Vasif Durarbəyli Məhəmməd Muradlı ilə, Misrətdin İsgəndərov isə Aydın Süleymanlı ilə qarşılaşacaq. Final mərhələsi 15-18 fevral tarixlərində keçiriləcək. İlk oyunlar saat 14-00, cavab görüşləri 12-00-da başlayacaq.