UEFA Konfrans Liqasının play-off mərhələsində Fransanın “Olimpik Marsel” klubu ilə qarşılaşacaq “Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası (PFL) rəsmi məlumat yayıb.
Qərarda deyilir: "Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən “Qarabağ” klubu yarışın play-off mərhələsində Fransanın “Olimpik Marsel” klubu ilə qarşılaşacaq. 17 fevral tarixdə Fransada, 24 fevral tarixdə Azərbaycanda meydana çıxacaq “Qarabağ” klubu vacib qarşılaşmalara daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Azərbaycan Premyer Liqasının XVI turunda 20 fevral tarixdə “Sumqayıt”a qarşı keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib.
Peşəkar Futbol Liqası “Qarabağ”ın ölkə idmanı üçün vacib olan oyunlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq, Azərbaycan Premyer Liqasının XVI turunun “Qarabağ” – “Sumqayıt” oyunu 20 fevral tarixindən 12 may tarixinə təxirə salınır".