"Champions Chess Tour”un ilk mərhələsi olan “Airthings Masters” turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, fevralın 19-da start götürəcək yarışın ilk turunda 36 yaşlı qrossmeysterimiz rusiyalı şahmatçı Andrey Yesipenko ilə mübarizə aparacaq.
Yarışda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, Dinq Liren (Çin), Yan Nepomnyaşi (Rusiya), Aniş Giri (Niderland), Yan-Kşiştof Duda (Polşa) və digər nüfuzlu şahmatçılarla yanaşı, gənc istedadlar da güclərini sınayacaqlar. Onların arasında 2021-ci ildə rapid üzrə dünya birinciliyində Maqnus Karlsen, Yan Nepomnyaşi, ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək nüfuzlu yarışın qalibi olan 17 yaşlı özbəkistanlı Nodirbek Abdusattorov, 16 yaşlı hindistanlı Rameşbabu Praqqnanandha da yer alıb.
Yarışın ilkin mərhələsi dairəvi sistemlə keçiriləcək və 16 oyunçudan 8-i pley-offa yüksələcək. Turnir fevralın 26-dək davam edəcək.
Qeyd edək ki, ötən il keçirilən analoji turnirin qalibi Teymur Rəcəbov olub. O, finalda ermənistanlı Levon Aronyan üzərində qələbə qazanıb.
Sahib