Naxçıvanda keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında bu gün yarımfinal görüşlərinə start veriləcək.
Fanat.Az xəbər verir ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət ilk mərhələnin yekunlarına əsasən ilk "dördlük"də qərarlaşan iti zəkalar - Vasif Durarbəyli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı və Məhəmməd Muradlı finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Reqlamentə əsasən, bir yarımfinal cütündə ilk yerin sahibi 4-cü pilləni tutan şahmatçı ilə, digərində isə 2-3-cü sırada yer alanlar üz-üzə gələcəklər. Beləliklə, Durarbəyli Muradlı ilə, İsgəndərov isə Süleymanlı ilə münasibətlərinə aydınlıq gətirəcək.
Yarımfinalın ilk görüşləri bu gün saat 14:00-da start götürəcək. Fevralın 16-sı saat 12:00-da isə cavab matçları baş tutacaq. İki klassik partiyadan sonra heç-heçə qeydə alınarsa, rəqiblər tay-breykdə qalibi müəyyən etməyə çalışacaqlar. Yenə bərabərlik halında, şahmatçılar "Armageddon"da mübarizə aparacaqlar.
Qaliblər fevralın 17 və 18-də finalda, məğlub şahmatçılar 3-cü yer uğrunda üz-üzə gələcəklər.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manatdır. Çempion 8 min manat qazanacaq.