"Nitsa" və "Lill"in keçmiş futbolçusu Erik Boteak sabah Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Olimpik Marsel" - "Qarabağ" oyunu ilə proqnoz verib.
Fanat.Az xəbər verir ki, hazırda "Omoniya Nikosiya"da oynayan 34 yaşı olan hücumameyilli yarımmüdafiəçi fikirlərini “La Provence” ilə bölüşüb.
Ötən ilin dekabrında Nikosiya təmsilçisinin heyətində qrup mərhələsində “Qarabağ”la qarşılaşan fransız futbolçu Azərbaycan klubunun "Olimpik Marsel" qarşısında şansının az olduğunu düşünür:
“Qarabağ: öndə seneqallı hücumçu (İbrahima Vadji) sürətlidir, amma bu onun əsas keyfiyyətidir. Onların "6" nömrəsi, Kabo-Verdedən olan Patrik Andrade bütün topları keçirən yaxşı oyunçudur, həqiqətən də oyunu idarə edən odur. Onların qapıçısı çox da uzun deyil (fransız futbolçu Şahruddin Məhəmmədəliyevi nəzərdə tutur, Luka Quqeşaşvilinin transferindən xəbərsizdir - red.). Müdafiə xəttinə gəlincə, kolumbiyalı Medina və yerli oyunçu olan Medvedev - hər ikisi etibarlıdır. Kapitan oyunu yaxşı oxuyur. Ən yaxşıları isə fransız Abdullah Zubirdir. Daim hücum edən sol cinah yarımmüdafiəçidir, çox təhlükəlidir. Topu tez-tez bir ayağından o birinə keçirir, fintlər edir. Görünür, futzalla məşğul olub. “Qarabağ” topla oyun qurmağa çalışan komandadır. Ancaq texniki cəhətdən çatışmazlıqları var ki, bu da onların meydanın özlərinə aid hissəsində topu itirməsinə səbəb olur. Belədə "Olimpik Marsel" əks-hücumda onlara zərər verə bilər".
Mirağa