"Layiqli oyun göstərməyə çalışdıq və bunu bacardıq".
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Olimpik Marsel"lə UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan (1:3) sonra mətbuat konfransında deyib.
Ağdamlıların çalışdırıcısı komandasının çıxışından razı qaldığını söyləyib: "Dünən də bildirmişdim ki, rəqibin yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Məni ən çox narahat edən məqam rəqibin ustalıq səviyyəsi idi. Bu gün bəlkə də bu məqamlara görə uduzduq. Amma komandamın oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu ki, bu da belə komandaya qarşı matçda normaldır. Səfərdə çıxış etməyimizə baxmayaraq, çox yaxşı oyun göstərdik".
Qurbanov cavab matçına da toxunub: "Evdə bundan daha yaxşı mübarizə aparacağıq. Çünki rəqibi yaxından tanıyırıq. Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik".
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda oynanılacaq.