Almaniyanın paytaxtı Berlində "FİDE Qran-Pri" seriyasının birinci mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, mərhələnin qalibi ABŞ təmsilçisi Hikaru Nakamura olub. 34 yaşlı qrossmeyster finalda ABŞ-ı təmsil edən digər şahmatçı, erməni əsilli Levon Aronyanı 3:1 hesabı ilə yenərək turnirin baş mükafatına yiyələnib.
Qeyd edək ki, üç mərhələdən ibarət olacaq seriyada ümumilikdə 24 şahmatçı mübarizə aparır. Hər mərhələdə 16 şahmatçı iştirak edir. Şahmatçılar seriyanın maksimum iki turnirində iştirak edə bilər. Yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ikinci və üçüncü mərhələlərdə mübarizə aparacaq. İkinci mərhələ Serbiyanın paytaxtı Belqradda fevralın 28-dən martın 14-dək, üçüncü mərhələ isə martın 21-dən aprelin 4-dək Berlində baş tutacaq. Üç turnirin nəticələrinə əsasən, ilk iki yeri tutan şahmatçı iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanacaq.