Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ" evdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib:
"Rəqib sonuncu yerdə olsa da, təhlükəli komandadır. Rəqib meydanda sürpriz edə biləcək gücdədir. Komandanı ağır matça hazırlamışdıq. Bilirdik ki, qələbə qazanmaq üçün görüşə maksimum köklənməliyik. Oyunçular verilən tapşırığı yerinə yetirdilər və layiqli qələbə qazandıq. Birinci hissədə 4-5 qol şansımız oldu. Onları dəyərləndirə bilmədik. Futbolda belə hallar olur. Komandadan istədiyimi meydanda görürdüm".
Baxşıyev kapitan Asif Məmmədovun onun üçün önəmli oyunçulardan biri olduğunu diqqətə çatdırıb: "O, bütün matçlarda iştirak edib. Sadəcə, bu gün istirahət etməsi üçün ehtiyatdan oyuna daxil etdik. Zədəsi çox ciddi deyil. İnanırıq ki, qarşıdakı günlərdə komandaya qoşulacaq".