Azərbaycan Premyer Liqasının XVI turunda "Keşlə" səfərdə "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Sənan Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında yenilgini şərh edib:
"Heç kim komandada ab-havanı poza bilməz. Hansısa futbolçu əvəzlənməyi sevmir. Şəhriyar Əliyev təcrübəli futbolçudur. O, xəstələndiyi üçün toplanışda bizimlə az məşq edib və bu səbəbdən bir az formasından uzaq qalıb. Oyuna istədiyimiz kimi başladıq. Əlimizdən gələni etdik. Futbolçular üzərilərinə düşənləri göstərməyə çalışdılar. Biz də rəqib qədər qol imkanları yaratdıq. Oyunumuzda irəliləyiş var. Artıq nəticə qazanmağın vaxtıdır. Müdafiədə boşluqlarımız var idi. Bunları analiz edib, oyunçulara çatdırmalıyıq ki, növbəti matçlarda səhvləri təkrarlamayaq. Komanda şəklində müdafiə olunmağa çalışırıq. Amma bəzən rəqibin futbolçusu elə qol vurur ki, ustalıq səviyyəsi özünü göstərir. Əlimizdə olan oyunçulardan maksimum istifadə etməliyik".
Mütəxəssis hazırkı durumlarının ürəkaçan olmadığını sözlərinə əlavə edib: "İstefa rəhbərliyə aid olan məsələdir. Rəhbərliyin mənə belə göstərişi olmayıb. Mən peşəkaram və öz işimi görürəm. Oynadığımız komandalardan maliyyə və heyət baxımından üstün deyilik. Nə qərar verilsə, hörmətlə yanaşacağam".