Pekin-2022 Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan tədbir Pekin Milli Stadionunda yerli azarkeşlərin iştirakı ilə təşkil olunub.
İlk olaraq Çin bayrağı meydanın mərkəzinə gətirilib və dövlət himni səsləndirilib. Müxtəlif kompozisiyaların ardından iştirakçı ölkələrin bayraqdarları almaniyalı məşhur bəstəkar Lüdviq van Bethovenin "Ode to joy" simfoniyasının sədaları altında arenaya daxil olublar. Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, təşkilatçı ölkə Çin isə sonuncu keçib. Azərbaycan nümayəndə heyəti Pekini tərk etdiyindən, ölkə bayrağını çinli könüllü Li Yuanqzou daşıyıb.
Bundan sonra kişilər və qadınlar arasında müvafiq olaraq 50 km və 30 km məsafəyə xizək yarışları üzrə qaliblər mükafatlandrılıb. Ardınca 2026-cı ildə İtaliyanın Milan və Kortina-d Ampetso şəhərlərində təşkil olunacaq XXV Qış Olimpiya Oyunlarının rəsmi təqdimatı olub. Stadiondakı Olimpiya bayrağı endirilərək sözügedən şəhərlərin merlərinə təqdim edilib.
29 ölkənin medal, 23-nün qızıl qazandığı yarışda Norveç medalların keyfiyyətinə görə birinci olub. Skandinaviyalılar Oyunları 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) başa vurub.
12 qızıl, 10 gümüş və 5 bürünc medal əldə edən Almaniya yığması 2-ci, 9 "qızıl", 4 "gümüş" və 2 "bürünc"lə ev sahibi Çin 3-cü yerə sahib çıxıb.
Qeyd edək ki, Azərbaycanın Olimpiadadakı hər iki təmsilçisi ikinci “onluq”da yer tutub. Fiqurlu konkisürənlərimizdən Yekaterina Ryabova 15-ci, Vladimir Litvintsev 18-ci olub.