Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Çempionlar Turu"nun yeni mövsümünün ilk yarışı olan "Airthings Masters" turniri davam edir.
Fanat.Az xəbər verir ki, 16 şahmatçının mübarizə apardığı onlayn yarışın 3-cü günündə ilkin mərhələ çərçivəsində daha 4 tur oynanılıb. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov günün ilk oyununu çinli Dinq Lirenə qarşı keçirib. Rəqibi ilə "sülh bağlayan" 36 yaşlı qrossmeysterimiz ardınca müvafiq olaraq Yan-Kşiştof Duda (Polşa), Levon Aronyan (ABŞ) və Vladislav Artemyevlə (Rusiya) də heç-heçəyə razılaşıb.
Bu nəticələrdən sonra xalını 11-ə çatdıran Məmmədyarovun turnir cədvəlində yeri dəyişməyib. O, yalnız xalı olmayan rusiyalı qadın şahmatçı Aleksandra Kostenyuku qabaqlayaraq 15-ci pillədə qərarlaşıb. Lider 27 xala malik rusiyalı Yan Nepomnyaşidir.
Xatırladaq ki, qələbəyə görə şahmatçılara 3, heç-heçəyə görə isə 1 xal verilir.
Qeyd edək ki, ilkin mərhələdə dairəvi sistem üzrə 15 tur oynanılacaq və ilk "8-lik" pley-offa yüksələcək. Yarışa fevralın 26-da yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 min ABŞ dollarıdır.
"Airthings Masters"
IX tur: Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov 0,5:0,5
X tur: Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5
XI tur: Levon Aronyan (ABŞ) - Şəhriyar Məmmədyarov 0,5:0,5
XII tur: Vladislav Artemyev (Rusiya) - Şəhriyar Məmmədyarov 0,5:0,5