"Sumqayıt" klubu yeni əməkdaşlıq müqaviləsinə imza atıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubla "Gədəbəy Mineral Suları” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Sözləşmə 2022/2023 mövsümünün sonuna qədər qüvvədə olacaq.
"Kapital Bank Arena”nın konfrans zalında baş tutan tədbirdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və “Gədəbəy Mineral Suları” MMC-nin direktoru Adil Haqverdiyev iştirak ediblər. Müqavilə imzalandıqdan sonra “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə xatirə olaraq, "Sumqayıt" FK-nın oyun geyimi hədiyyə olunub.
Tərəflər arasındakı razılaşmaya əsasən, bu müddət ərzində “Gədəbəy Mineral Suları”nın sahib olduğu "Slavyanka" markası komandanın su partnyoru olacaq. Bunun qarşılığında isə əsas komandanın oyun geyimlərində və “Kapital Bank Arena”da şirkətin tanınma nişanının olduğu bannerlər yer alacaq. İl ərzində hər iki qurum arasında müxtəlif sosial tipli layihələr həyata keçiriləcək.