"Olimpik Marsel" erməni qapıçısı Manuel Nazaretyanı "Qarabağ"la keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü üçün Bakıya gətirməyəcək.
Fanat.Az xəbər verir ki, B siyahısından üçüncü qolkiper qismində kamerunlu Simon Nqapanduetnbu səfər çıxan heyətə salınıb.
Fransa təmsilçilərinin A siyahısındakı əsas qapıçıları isə Pau Lopes və Stiv Mandandadır. Baş məşqçi Xorxe Sampaoli Nazaretyanla yanaşı, yerli qapıçı Fabio Vannini də Marseldə saxlayıb.
"Olimpik Marsel"in yetirməsi olan Nazaretyan 2019-cu ildən gənclər komandasında çıxış edir. O, 21 yaşadək futbolçulardan ibarət Ermənistan millisinin də üzvüdür. Qolkiper həm Ermənistan, həm də Fransa vətəndaşıdır.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.