Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Çempionlar Turu"nun yeni mövsümdə ilk yarışı olan "Airthings Masters" turnirində mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeyster XIII turda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 79-cu gedişdə rəqibini məğlub edib.
Ardınca Karlsenlə qarşılaşan təcrübəli şahmatçı bu dəfə qara fiqurlarla mübarizə aparıb. Görüş 38-ci gedişdə dünya çempionunun xeyrinə başa çatıb.
Məmmədyarovun XV turdakı rəqibi isə özbəkistanlı Nodirbek Abdusattarov olub. Ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi 58-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.
Beləliklə, ilkin mərhələni 17 xalla 14-cü pillədə başa vuran Şəhriyar Məmmədyarov "8-liy"ə düşə bilmədiyi üçün turnirlə vidalaşıb.