Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən, kişi idman gimnastikası üzrə hakimlik imtahanları keçirilib.
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda kişi idman gimnastikası üzrə 6 Azərbaycan təmsilçisi də iştirak edib.
Təmsilçilərimizin hər biri imtahanı uğurla başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələniblər.
Qeyd edək ki, indiyədək beynəlxalq hakimlik kateqoriyasına yiyələnmək üçün hakimlər əvvəlcə FIG-nin təşkil etdiyi hakimlik kurslarında iştirak edir, daha sonra imtahan verirdilər. Beynəlxalq federasiya tərəfindən bu il COVID-19 pandemiyası ilə əlaqədar olaraq imtahanların kurslar olmadan onlayn qaydada keçirilməsinə qərar verilib.