"Çox böyük ajiotaj var. Yeni ildə ilk avrokubok oyununu azarkeşlər səbirsizliklə gözləyir".
Fanat.Az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın “Olimpik Marsel” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis layiqli oyun göstərmək istədiklərini bildirib: “Qış aylarından sonra Azərbaycanda avrokubok oyunu keçirilməmişdi. Azarkeşlərimiz buna görə çox istəklidir. Bizə güvəndiklərinə görə hər birinə təşəkkür edirəm.
Rəqibin çox yaxşı baş məşqçisi və oyun üslubu var. İlk matça kimi də onları təhlil etmişdik. Düşündüyümüzün çoxunu meydanda gördük və ona qarşı düzgün oynadıq. Səfərdə "Marsel"i daha yaxından tanıdıq. Futbolçularıma da demişəm ki, burada daha yaxşı oynamalıyıq. Azarkeşlərimiz yaxşı oyunumuzla istirahət etsinlər, hər şeyi bir anlıq da olsa unutsunlar. İnşallah, bunu bacararıq. "Marsel" son çempionat görüşündə uduzub. İstər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram, bunu onlardan tələb edəcəyəm".
- "Qarabağ"a sabah 90 dəqiqədə minimum 2 top fərqli qələbə lazımdır. Bunun üçün nə baş verməlidir?
- Son vaxtlar daha yaradıcı və hücum futbolu sərgiləməyə çalışırıq. Həm "Qarabağ", həm də Azərbaycan futbolu üçün belə bir addım atmaq istəyirəm ki, futbolçularda özünəinam olsun. Xüsusən də, yerlilərdə. Hər oyuna bir yox, bir neçə qol vurmaq üçün çıxırıq. Əlbəttə, asan yol deyil. Azərbaycan futbolu üçün, bəlkə də, ən çətin yoldur. Qarşımıza belə məqsəd qoymuşuq. Rəqibin kimliyindən asılı olmayaraq riskə gedəcəyik. Nə qədər riskli olsa da, qol vurmaqla yanaşı, buraxmamaq barədə də düşünməliyik. Sabah da meydana qollar vurmaq üçün çıxacağıq. Eyni zamanda qol buraxmamağı da düşünməliyik. Belə addımları daha ciddi rəqiblərə qarşı futbolçulara aşılayanda, işimiz daha da sürətlənər. Sabah qarşımızda başqa rəqib olsaydı belə, eyni fikirdə olacaqdıq. Rəqib nə qədər imkan yaradacaq, biz nə qədər təzyiq edəcəyik, bunları oyunun gedişində görəcəyik.
- İlk oyunda Luka Quqeşaşvilinin səhvləri oldu. Oyundan sonra onunla fərdi söhbət etdinizmi? Və ya oyundan qabaq danışacaqsızmı?
- Quqeşaşvilidə bəyəndiyim ən yüksək keyfiyyət özünəinamdır. Bəlkə də hamıdan çox o istəyir ki, komandaya kömək etsin. Sadəcə, səhvsiz olmur. Bizim digər futbolçularımızın yetərincə avrokubok təcrübəsi var. Görünür, ona hələ vaxt lazımdır. İrad bildirmədim, çalışdım ki, psixoloji cəhətdən motivasiya verim.
- Dediniz ki, Bakıdakı oyunda hücum futbolu üçün əlimizdən gələni edəcəyik. Niyə müdafiədə oturub, daha yaxşı məqamları gözləmək yox, hücum futbolu barədə düşünürsüz?
-Dediyim kimi, bizim oyun fəlsəfəmiz yaradıcılıq və irəlidə oynamaqdır. Müdafiədə oturmaq istəmirik. Futbolçuda inam o vaxt yaranır ki, daha güclü rəqibə qarşı müdafiə olunmur, onun üzərinə gedir. Həm də bizə qol vurmaq lazımdır. Niyə bu sualı verdiyinizi başa düşdüm. "Marsel"lə Fransadakı son oyunlarda əksər komandalar müdafiə taktikası ilə xal qazanıblar. Amma mən təkcə bu günü yox, gələcəyi də düşünürəm.
- İlk oyunda kifayət qədər şanslara baxmayaraq, qollar üçün nə çatmadı və sabah bunun əksini görə biləcəyikmi?
- Bakıdakı oyunumuzla Avropadakı matçlarımızın dinamikası arasında böyük fərq var. Bu cür komandalara qol vurmaq heç də asan deyil. Xüsusən də, müdafiəçilərinin daha tez qərar vermələri, sürətli müdaxilə etmələri oyunçularımıza mane olur. Qapıçılarının da oyununu qeyd etməliyəm. Qolların sayını artırmaq üçün bu tempdə daha çox oyunlar keçirməliyik. Bunu tezləşdirmək üçün fərdi çalışmalarımız olur. Ən başlıcası mövsümboyu eyni səviyyədə oyunlar keçirmək vacibdir.
Mirağa